Ferens List
Ferens List (mac. Liszt Ferenc, 22 oktyabr 1811[…] – 31 iyul 1886[…], Bayroyt, Bavariya Krallığı, Almaniya imperiyası[…]) — Macarıstan bəstəkarı, virtuoz pianoçusu, dirijoru, həssas pedaqoqu, fəal musiqi-ictimai xadimi. XIX əsrin ən məşhur pianoçularından biri olan Ferens List, həm də simfonik şeir tərzinin banisidir.
== Həyatı ==
Ferens List 22 oktyabr 1811-ci ildə Macarıstanın Doborjan qəsəbəsində (1921-ci ildən Avstriya, Raydinq) anadan olmuşdur. Atası Adam List piano, violoençel, violin kimi bir çox musiqi alətində ifa etməyi bacarırdı. Listin musiqi ilə tanışlığı da məhz atasının təşəbbüsü illə olmuşdur. Atası ona pianoda ifa etməyi öyrətmiş və hələ 7 yaşı olan List kiçik bəstələr yazmağa başlamışdı. Sonralar macar əsilzadələr tərəfindən 6 il müddətində təqaüdlə təmin edilərək təhsilini davam etdirmək üçün Vyanaya yola düşmüşdür. Burada Antonio Salieri və Ludoviq van Bethovenin tələbəsi olan Karlo Çernidən təhsil almışdır. 12 yaşında Ferens List artıq krallar, əsilzadələr tərəfindən rəğbət bəslənən bir musiqiçi idi, lakin 15 yaşında ikən atasının vəfat etməsi ilə onun musiqiyə olan həvəsi azalmış, ədəbiyyat və dinlə maraqlanmağa başlamışdı.